Orqan donorluğu insanlığın ən dəyərli hədiyyəsi, başqasının yaşamaq ümidinə çevrilmək isə həyatın möcüzəsidir. Elə bu yüksək dəyərlərin işığında Azərbaycan İlahiyyat İnstitutunda Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin iştirakı ilə əhəmiyyətli maarifləndirici görüş keçirildi.
Görüşün açılışında İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov insan həyatının müqəddəsliyindən danışdı. O, dinin və mənəviyyatın insanın insana yardım etməsini ən yüksək əməl kimi dəyərləndirdiyini vurğuladı.
“Hər bir həyat Allah tərəfindən bizə əmanətdir. Bu əmanəti qorumaqla yanaşı donor olmaqla ona sahib çıxmaq və həyatın davamına şərait yaratmaq insanın insana ən böyük yaxşılığıdır. İslam dinində bir insanın həyatını xilas etmək bütün bəşəriyyəti xilas etməyə bərabər tutulur. Canı qorumaq və yaşatmağın fəziləti isə bizim dini-mənəvi dəyərlərimizin əsasını təşkil edir.”
Ardınca Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək donorluğun tibbi tərəflərini geniş şəkildə izah etdi. Orqan donorluğunun cəmiyyət üçün necə böyük bir ehtiyac olduğunu, hər bir məlumatın, hər bir addımın bir insanın yenidən həyata qayıtmasına çevrilə biləcəyini vurğuladı.
“Orqan donorluğu sahəsində maarifləndirici fəaliyyət hər birimizin üzərinə düşən sosial məsuliyyətdir. Biz bu mövzuda nə qədər çox məlumatlı olsaq, bir o qədər çox insanın həyatına ümid ola bilərik.”
Daha sonra Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək praktiki tərəflərdən, transplantasiya prosesinin mərhələlərindən, beynəlxalq təcrübədən və donor orqanlarının düzgün idarə olunmasının vacibliyindən danışdı.
“Transplantasiya böyük bir komandanın birgə əməyidir. Hər bir donor orqanı bir insanın həyatını dəyişdirə bilər. Bizim məqsədimiz həyatları xilas etməkdir və hər bir uğurlu transplantasiya bir möcüzənin gerçəkləşməsi deməkdir.”
Tələbələr tədbirdə xüsusilə fəal iştirak etdilər. Onlar hüquqi prosedurlar barəsində çoxsaylı suallar ünvanladılar. Bu suallar onların mövzuya nə qədər maraqla, məsuliyyətlə və düşünərək yanaşdıqlarını göstərirdi.
Görüşün sonunda nümayiş etdirilən orqan donorluğunun əhəmiyyətini əks etdirən videoçarx isə zalda xüsusi bir emosional atmosfer yaratdı. Video, sanki insanlara səssiz bir mesaj verirdi:
“Bəzən bir ömrün bitməsi, başqa bir ömrün başlanğıcına çevrilir.”
Tədbirin sonunda tələbələr könüllü şəkildə ölümdən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayaraq bu xeyirxah missiyaya qoşuldular.
Onların bu imzası bir daha sübut etdi ki, həyat paylaşdıqca gözəlləşir.